"Buta Airways" Bakı-İstanbul reyslərinə bilet satışına başlayır
04mar
GÜNDƏM / HAVAYOLLARI

"Buta Airways" Bakı-İstanbul reyslərinə bilet satışına başlayır

Azərbaycanın "Buta Airways" aşağıbüdcəli aviaşirkəti Bakıdan Türkiyənin daha bir şəhərinə - İstanbula yerinə yetiriləcək xüsusi reyslərə aviabilet satışına başlayır. Martın 18-dən etibarən aviaşirkət Bakı-İstanbul-Bakı marşrutu üzrə aviaəlaqəni bərpa edir.
“Buta Airways” aviaşirkətinin mətbuat xidmətindən "HolidayNEWS"-a verilən məlumata görə, uçuşlar Sabiha Gökçen (IATA: SAW) hava limanına həyata keçiriləcək. Aviaşirkət tərəfindən Türkiyənin ən böyük şəhərinə xüsusi reyslər həftədə iki dəfə – bazaar ertəsi və cümə axşamı günləri yerinə yetiriləcək.
Ölkədəki epidemioloji vəziyyətlə əlaqədar tətbiq olunan məhdudiyyətləri və qaydaları nəzərə alaraq aviaşirkət biletləri yalnız iki tarif üzrə təklif edir - "Standart" və "Super".

Belə ki, "Standart" tarifinə (55 avrodan başlayaraq) çəkisi 10 kq-dan artıq olmayan və ölçüləri üç ölçünün cəmi üzrə 158 sm-dən böyük olmayan qeydiyyatdan keçən baqajın daşınması daxildir. "Super" tarifinə (75 avrodan başlayaraq) çəkisi 23 kq-dan artıq olmayan və ölçüləri üç ölçünün cəmi üzrə 158 sm-dən böyük olmayan qeydiyyatdan keçən baqajın, habelə çəkisi 10 kq-dan çox olmayan və ölçüləri üç ölçünün cəmi üzrə 118 sm-dən çox olmayan əlavə baqajın daşınması daxildir.
Hər iki tarifə ödənişsiz olaraq yer seçimi və hava limanında qeydiyyat opsiyaları daxildir.
Əl yükü qismində təyyarə salonuna yalnız qadın çantası, kişi portfeli, portativ kompyuter çantası (təyinatı üzrə istifadə edilməsi şərtilə) və uşaq qidası götürülə bilər. Digər növ əl yükünün, o cümlədən Duty Free mağazalarından alınan əşyaların salona götürülməsi qadağandır.
Bakı-İstanbul-Bakı marşrutu üzrə reysə biletləri (“Super” və “Standart” tarifləri üzrə) aviaşirkətin rəsmi saytında, həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərindən (yalnız "Super" tarifi üzrə) əldə edə bilərsiniz.
Pandemiya dövründə qeyd edilən reyslərə həm gediş, həm gəliş zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında xidmət göstəriləcəkdir.
Reyslərə mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.
Bakı-İstanbul istiqaməti üzrə reysin sərnişinləri:
- Türkiyə ərazisinə giriş hüququna malik olmalıdılar. Pandemiya dövründə Türkiyəyə giriş qaydaları ilə aviaşirkətin saytında aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz: https://www.butaairways.az/az/covid/turkey

HolidayNEWS