Palçıq vulkanlarının birində turizm kompleksinin tikintisi təxirə salınıb
12mar
GÜNDƏM / SƏYAHƏT / AGENTLƏR

Palçıq vulkanlarının birində turizm kompleksinin tikintisi təxirə salınıb

"Qobustanda olan palçıq vulkanlarının birində turizm kompleksinin tikintisi işləri təxirə salınıb. Ümid edirik ki, yaxın gələcəkdə bu baş tutacaq".

"HolidayNEWS" xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycan Turizm Bürosunun (ATB) Baş icraçı direktoru Florian Zenqstşmid deyib.
Qeyd edək ki, Qobustan ərazisində Qoturdağ palçıq vulkanı yerləşir. Bakıdan 70 kilometr cənub-qərbdə, Ayrantökən adlanan sahənin 3 km-liyində yerləşən vulkanın hündürlüyü 150 metrdir. Vulkan dərinliyi 15-20 metr, diametri 150 metr olan kəsik konus şəklindədir. Qoturdağ vulkanı aktivlik baxımdan digərlərindən fərqlənir. 100 ildən artıqdır ki, vulkanda gözəl mənzərə müşahidə olunur: fasiləsiz qeyri-adi püskürmə prosesi baş verir ki, bu da uzunluğu 50 metr, eni 15 metr olan nalşəkilli krater boğazından çıxan günbəzşəkilli palçıq kütləsinin əmələ gəlməsinə səbəb olur. Yarıquru brekçiya yuxarı sıxılıb çıxır və parçalanaraq yamac boyu aşağı axır. Bu hadisə ilk dəfə 1926-cı ildə müşahidə olunub. Bu proses 1966-cı ilə qədər davam edib. Sonra isə həmin ilin oktyabrında və 1970-ci ilin yazında adi püskürmə baş verib.
Mütəxəssislərin fikrincə, Azərbaycan dünyada palçıq vulkanlarının geniş yayıldığı ölkə kimi tanınır. Yer kürəsindəki 800-dək palçıq vulkanından təxminən 320-si ölkəmizin ərazisindədir. Əsasən Bakı və Abşeron yarımadasında, eləcə də Qobustan və Şamaxı rayonları ərazisində yayılmış palçıq vulkanlarının bəziləri təbiət abidəsi kimi formalaşıb.


HolidayNEWS