​​​​​​​Azərbaycana turist axını 2 dəfədən çox artıb
25fev
GÜNDƏM / SƏYAHƏT

​​​​​​​Azərbaycana turist axını 2 dəfədən çox artıb

Bu ilin yanvar ayında Azərbaycana 128 ölkədən 74 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
"HolidayNEWS" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Gələnlərin 35,3%-i Rusiya, 24,1%-i Türkiyə, 12,9%-i İran, 5,6%-i Gürcüstan, 4,1%-i Səudiyyə Ərəbistanı, 2,6%-i Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), 2,1%-i Ukrayna, hər birindən 1,1% olmaqla Böyük Britaniya və Küveyt, 0,9%-i Qazaxıstan, 0,8%-i Oman, hər birindən 0,6% olmaqla Almaniya, ABŞ və Hindistan, hər birindən 0,5% olmaqla Belarus və İsrail, 6,6%-i digər ölkələrin vətəndaşları olub. Gələnlərin 81,2%-ni kişilər, 18,8%-ni qadınlar təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə BƏƏ-dən gələnlərin sayı 651,3 dəfə, Səudiyyə Ərəbistanından - 438,9 dəfə, Küveytdən - 104,8 dəfə, Hindistandan - 8,9 dəfə, Pakistandan - 8,5 dəfə, İsraildən - 7,1 dəfə, ABŞ-dan - 3,0 dəfə, Qazaxıstandan - 2,7 dəfə, Rusiyadan - 2,1 dəfə, Ukraynadan - 2 dəfə, İrandan - 2 dəfə, Fransadan - 2 dəfə, Türkiyədən - 1,7 dəfə, Böyük Britaniyadan - 1,5 dəfə artıb, Gürcüstandan gələnlərin sayı isə 3% azalıb.
2021-ci ilin yanvar ayı ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 3,4 dəfə artaraq 16,5 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 2 dəfə artaraq 29,5 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,7 dəfə artaraq 2,8 min nəfər olub.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 42,4%-i dəmir yolu və avtomobil, 55,5%-i hava, 2,1%-i isə dəniz nəqliyyatından istifadə edib.



HolidayNEWS