Prezident İlham Əliyev və Mehriban Əliyeva “Shusha Boutique Hotel”in yerləşəcəyi ərazidə olublar
11may
GÜNDƏM / OTELLƏR

Prezident İlham Əliyev və Mehriban Əliyeva “Shusha Boutique Hotel”in yerləşəcəyi ərazidə olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 10-da Şuşaya səfər çərçivəsində “Shusha Boutique Hotel”in yerləşəcəyi ərazidə olublar.
"HolidayNEWS" xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanıma burada aparılan təmir-bərpa işləri haqqında məlumat verdi.
Qeyd edildi ki, Şuşanın bərpası konsepsiyasında şəhərin turizm potensialı da nəzərə alınaraq buna uyğun infrastruktur yaradılır. Butik otel şəhərin Köçərli küçəsindəki binada yerləşəcək. Müasir səviyyəyə çatdırılacaq oteldə Şuşa şəhərinə səfər edəcək ziyarətçilərin rahatlığı üçün şərait yaradılacaq. Burada 13 otaq və kiçik restoran qonaqların ixtiyarına veriləcək.
Xatırladaq ki, işğaldan azad olunan kimi dərhal bərpa və yenidənqurma işlərinin aparılmasına başlanılan Şuşada qısa zamanda böyük quruculuq işləri görülüb. Mədəniyyət paytaxtımızda çoxsaylı tədbirlərin keçiriləcəyi, bu şəhərin keçmişdə olduğu kimi, indi də turistlərin istirahət üçün seçdikləri sevimli məkanlardan biri olacağı nəzərə alınaraq burada lazımi infrastrukturun yaradılmasına, o cümlədən otellərin inşasına xüsusi diqqət göstərilir.
Onu da bildirək ki, ötən ilin mayında Şuşada “Xarıbülbül” otelinin, həmin otelin nəzdindəki 48 mənzilli korpus və kotteclərin, avqustda isə “Qarabağ” otelinin yenidənqurmadan sonra açılışı olub.



HolidayNEWS

Qalereya