Azərbaycanda turoperatorların məsuliyyətinin sığortası ilə bağlı işçi qrupu yaradılacaq
05avq
GÜNDƏM / AGENTLƏR

Azərbaycanda turoperatorların məsuliyyətinin sığortası ilə bağlı işçi qrupu yaradılacaq

Nazirlər Kabinetinin Turizm Reyestrinin aparılması qaydasında dəyişikliklərin edilməsi ilə bağlı Azərbaycanda turoperatorların və turagentlərin məsuliyyətinin sığortasının başlanılmasına hazırlıq ilə bağlı işçi qrupu yaradılacaq.
Bunu "Report"a Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) İcraçı direktoru Elmar Mirsalayev bildirib.
E.Mirsalayev qeyd edib ki, turoperatorların və turagentlərin məsuliyyətinin sığortası istiqamətinin müzakirəsinə məhz onların diqqətsizliyi ucbatından müxtəlif zamanlarda istehlakçıların müəyyən məhrumiyyətlərlə qarşılaşması faktları səbəb olub: “ASA və Dövlət Turizm Agentliyi arasında aparılan danışıqlara əsasən, turizm sənayesi təmsilçiləri və sığortaçılardan ibarət işçi qrupunun yaradılması və mütəmadi görüşlərin keçirilməsi istiqamətində razılıq əldə olunub”.
Onun sözlərinə görə, bu addımların atılmasında başlıca məqsəd pandemiya dövründə zəifləyən səfər sığortasının post-pandemiya dönəmində yenidən aktivləşdirilməsi və səyahət zamanı ortaya çıxan gözlənilməz halların, eyni zamanda yeni turizm trendlərinin sığorta ilə əhatələndirilməsidir: “ASA bununla əlaqədar olaraq Dövlət Turizm Agentliyi ilə işgüzar görüş keçirərək səfər sığortasının mövcud vəziyyətini və inkişaf perspektivlərini müzakirə edib.
İki qurum arasında həyata keçirilən müzakirədə iki istiqamət prioritet olub. Bunlar, daxili tursəfərlərin sığorta xidməti ilə təmin edilməsi və turagentlərin, turoperatorların məsuliyyətinin sığortasından ibarətdir. Daxili tursəfərlərin sığorta xidməti ilə təmin edilməsi təklifi, əzəli və əbədi Qarabağımızın düşmən işğalından azad edilməsi və hazırki müddətdə yenidən qurulmasının ardınca növbəti mərhələdə yerli əhalinin Qarabağ fonunda daxili səfərlərə marağının artacağı ehtimalı ilə əlaqələndirilib”.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən turoperator və turagentlər mülki məsuliyyətin sığortası barədə məlumatları, mehmanxanalar (hotellər) ulduz kateqoriyaları barədə məlumatların 15 gün müddətində Turizm Reyestrinə daxil etməlidirlər.
Reyestrə daxil edilməli məlumatlar siyahısına turoperator və turagentlərin mülki məsuliyyətin sığortası, hotellərin ulduz kateqoriyası ilə bağlı məlumatlar əlavə olunub.



HolidayNEWS