27 sentyabr- Ümumdünya Turizm Günüdür
26sen
GÜNDƏM

27 sentyabr- Ümumdünya Turizm Günüdür

Bu gün Ümumdünya Turizm Günüdür.
 
 
Dünya ölkələrində olduğu kimi Azərbaycanda da hər il 27 sentyabr Ümumdünya Turizm Günü kimi qeyd olunur. 
 

 
1925-ci ildən Cenevrədə müxtəlif adlar altında fəaliyyət göstərən Turizm təşkilatı 1970-ci il 27 sentyabr tarixdə Ümumdünya Turizm Təşkilatı kimi formalaşıb.
 
 
1979-cu ildə Baş Qərargahı Madrid şəhərinə köçən təşkilat 27 sentyabr – Ümumdünya Turizm Gününü təsis edib. Bu gün Azərbaycan da daxil olmaqla dünyanın 150-dən çox ölkəsində turizm təmsilçilərinin bayramı kimi qeyd edilir.
 
 
Turizm gününün başlıca məqsədi turizmin təbliği, dünya cəmiyyəti iqtisadiyyatına qoyulan vəsaitin işıqlandırılması və müxtəlif ölkə xalqları arasında əlaqələrin inkişafıdır. 
 
 
 
Dünyada ilk turizm agentliyi 1841-ci ildə Tomas Kuk tərəfindən açılmışdır. 
 
 
 
Azərbaycanda Ümumdünya Turizm Günü 2001-ci ildən, Azərbaycanın Beynəlxalq Turizm Təşkilatına üzv olduğu vaxtdan qeyd olunur. Zəngin mədəni-tarixi irsə, əlverişli təbii şəraitə malik olan Azərbaycanda turizm sektoru sürətlə inkişaf edir.
 
 
Builki turizm günü “Turizm və iş yerləri: hamı üçün daha yaxşı gələcək” şüarı altında keçirilir.
 
 
Bu il Dünya Turizm Gününün əsas tədbirlərinə Hindistanın Nyu-Delhi şəhəri ev sahibliyi edəcək. Birgünlük konfransın sessiyalarında turizm sektorunun daha çox və yaxşı iş yerləri yaratmaq imkanı və bununla da dünyada hamı üçün daha yaxşı gələcək qurulmasına köməyi vurğulanacaq. Konfransda, həmçinin əmək bazarında və texnoloji sektorda baş verəcək dəyişikliklərin yaradacağı imkan və problemlər müzakirə olunacaq.
 
 
Təsadüfi deyil ki, builki şüara uyğun olaraq ölkə miqyasında və beynəlxalq səviyyədə keçirilən tədbirlərin əsas məqsədi daha çox turistin cəlb edilməsi ilə Azərbaycanı regional və beynəlxalq səviyyəli turizm mərkəzinə çevirmək, ölkədə turizmin hərtərəfli inkişafına nail olmaq, yeni iş yerlərinin açılmasına, məşğulluğun artmasına, bununla da iqtisadiyyatın inkişafına və əhalinin formalaşan gəlirlərinə töhfə vermək, yaxın 10 il ərzində turizmin ÜDM-dəki payını 10 faizə çatdırmaqdır.
 
 
Prezident İlham Əliyevin 2016-cı il sentyabrın 1-də imzaladığı Sərəncama əsasən Dünya Turizm Günü ölkəmizdə “Turizm işçiləri günü” kimi də qeyd olunur.
 
 
Son illər dövlət səviyyəsində turizmin iqtisadiyyatın aparıcı sahəsinə çevrilməsi istiqamətində görülən ardıcıl və məqsədyönlü tədbirlər turizmin inkişafında öz müsbət təsirlərini göstərir.
HolidayNEWS