Dövlətlərarası Aviasiya Komitəsi Qarabağ bölgəsində uçuş təhlükəsizliyi ilə bağlı çağırış etdi
15okt
GÜNDƏM / HAVAYOLLARI

Dövlətlərarası Aviasiya Komitəsi Qarabağ bölgəsində uçuş təhlükəsizliyi ilə bağlı çağırış etdi

Dövlətlərarası Aviasiya Komitəsi (IAC) Dağlıq Qarabağdakı vəziyyətlə əlaqədar döyüş əməliyyatları fonunda beynəlxalq uçuşlar həyata keçirən mülki təyyarələrin, onların heyət və sərnişinlərinin təhlükəsizliyini təmin etməyi tələb edib.
Bu barədə komitənin saytında məlumat verilib.
Dövlətlərarası Aviasiya Komitəsi mümkün təhlükələrlə əlaqədar bir neçə təklif irəli sürüb:
- Münaqişə zonasındakı silahların taktiki və texniki xüsusiyyətlərini nəzərə alaraq beynəlxalq hüquq normalarının qeyd-şərtsiz həyata keçirilməsinə və mülki təyyarələrin hava hücumundan müdafiə vasitələri ilə vurulmasının, habelə raketlər və digər vasitələrlə mülki obyektlərin və aerodromların məhv edilməsinin qarşısının alınmasına yönəlmiş bir sıra tədbirlər görmək;
- Uçuş sahələrində təhlükəsizliyi təmin etmək üçün Müdafiə nazirlikləri ilə koordinasiya və qarşılıqlı əlaqəni təmin etmək;
- Cənubi Qafqaz bölgəsindən uçuşlar həyata keçirən hava yolları şirkətlərinin mülki təyyarələrin münaqişə zonası üzərində və ya yaxınlığında uçuşlarının təhlükəsizliyini təmin etmək üçün risk faktorlarını qiymətləndirməsi və risk zonalarından qaçmaq üçün bildirişləri ciddi şəkildə izləməsi və yerinə yetirməsi;
- Beynəlxalq Mülki Aviasiya Təşkilatı çərçivəsində mülki aviasiya təyyarələri üçün təhlükə yaradan, həmçinin yaranmış böhran vəziyyətlərini vaxtında həll etmək üçün əlaqədar dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələri tərəfindən komitənin təşkil olunması.
Xatırladaq ki, bir neçə gün əvvəl Azərbaycan Beynəlxalq Mülki Aviasiya Təşkilatını (ICAO) Ermənistanın artan təcavüzü səbəbindən ölkənin hava məkanında uçuş təhlükəsizliyini təmin etməyə çağırıb.
“Son bir neçə gün ərzində Ermənistan Silahlı Qüvvələri Azərbaycanda mülki hədəflərə orta və uzaq mənzilli raketlərin istifadəsi ilə intensiv atəşləri davam etdirir. Bu hərəkətlər Azərbaycanın hava məkanından beynəlxalq uçuşlar həyata keçirən mülki təyyarələr üçün ciddi təhlükə yaradır.
Bundan əlavə, Ermənistan silahlı qüvvələri tərəfindən hava hədəflərini məhv edən silahların istifadəsi geridönməz nəticələrə gətirib çıxara bilər və 2014-cü ildə Donetsk (Ukrayna) üzərində vurulmuş bir mülki təyyarənin ssenarisi təkrarlana bilər”, - deyə Azərbaycan tərəfinin ünvanlandığı müraciətdə qeyd olunub.
HolidayNEWS